“Günəşin Nuru 3” layihəsinin növbəti təqdimatı baş tutdu

Bu yazı 920 dəfə oxunub!

25 dekabrda “Günəşin Nuru 3” layihəsinin Şirvan təqdimatı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş tutdu. Təqdimat üçün Şirvana yola düşən “Günəşin Nuru” kollektivini şəhərin girəcəyində balaca şair Emin Bayramlinin ailəsi qarşıladı. Tədbirdən öncə gözəl yemək süfrəsinə qonaq olan kollektiv daha sonra birlikdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə yola düşdü. Kollecdə Şirvanda yaşayan şairələrdən Nahidə Elman və Fatimə Səhhətqızı başda olmaqla rəhbərlik “Günəşin Nuru” komandasını böyük sevgi ilə qarşıladı. Tədbir kollecin konfrans otağında baş tutacaqdı. Otağa girən kollektivi daha bir surpriz də məhz burada gözləyirdi. Otaq “Günəşin Nuru 3” abu-havasında bəzədilmiş hətta şirniyyat süfrəsi belə hazırlanmışdı. Duyğuların bir-birinə qarışdığı gözəl bir tədbirin aparıcılığını ənənəvi olaraq Esmira Günəş edərək dəvət üçün və bu gözəl qarşılama üçün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Direktoru Balamirzə Məmmədov müəllimə bütün kollektiv adından təşəkkür etdi. Daha sonra kitabda şeirləri dərc olunan şairləri qonaqlara təqdim edərək, Fəxri Fərmanlarla təltif etdi. Kitab haqqında, layihənin məqsədi haqqında danışdıqdan sonra musiqinin müşaiyəti ilə şairlər gözəl şeirlərini səsləndirdilər. Tədbirdə iştirak edə bilməyən şairlərin şeirlərini isə digər şairlər səsləndirərək qonaqları feyziyab etdilər. Tədbir o qədər maraqlı keçirdi ki, heç kəs tədbirin yekunlaşmasını istəmirdi. Tədbirin gedişatında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecininin tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova və psixoloq Gülnar Abdullayeva çıxış edərək həm dəvəti qəbul edib gəldikləri üçün “Günəşin Nuru” komandasına təşəkkür etdilər, həm də gözəl sözlərini dilə gətirərək layihəyə daha böyük uğurlar hazırladılar. Kollecin tələbələrindən Süleymanova Fatimənin tədbirdə Esmira Günəşin şeirini sürpriz olaraq sısləndirməsi və Zeynalova Münəvvərin səsləndirdiyi şeir böyük marağa səbəb olaraq alqışlarla qarşılandı. Gələn qonaqlardan da bir neçəsi gözəl sözlərlə çıxış etdiyi kimi Emin Bayramlının valideyni Elşad Bayramlı da öz çıxışında gözəl sözləri və dərin minnətdarlığı ilə diqqət çəkdi. Sonda layihə rəhbəri “Günəşin Nuru” komandasın kitablarından kollecin kitabxanasına hədiyyə etdi. Qonaqlar da imzalı kitablarını əldə etdikdən sonra tədbir xatirə şəkilləri ilə sona çatdı. Sevgi və diqqətlə qarşılanan “Günəşin Nuru” kollektivi elə sevgi ilə də yola salındı.

Bu yazı 920 dəfə oxunub!