“Offline Xalq“

Bu yazı 866 dəfə oxunub!

Today`s Baku

Məhbubə Musayeva

Sosial şəbəkələrdə Fransa-Azərbaycan bayraqları arasında gedən rəqabət internet kəsintisi ilə əvəzləndi. Sosial şəbəkə qurdlarına sadəcə yeni bir mövzu lazımdır. Həmin an statuslar yazılır, mətbuatda yazılar yerləşdirilir. 6-7 saatlıq internetsizliyə fərqli şəkildə şərhlər verildi. İnternetin olmamasına sevinənlər də az deyildi – məlumdur ki, bir çox iş yerlərində internet olmazsa iş dayanır, bu da yaxşıca istifadə olunmalı bir fürsətdir. İnternetdə qəribə, gülməli yazılar qarşıma çıxdı, internetin olmaması nazirin gedişi ilə də əlaqələndirildi.

Görəsən internet olmasaydı, məşğuliyyətimiz nə olardı? Ümumiyyətlə, internetsiz yaşamaq mümkündürmü? Bu suallardan yola çıxaraq kiçik bir araşdırma apardım. Görəsən heç internetin olmadığı yerlər varmı, deyə araşdırdım.

Qarşıma olduqca maraqlı bir xalq çıxdı. Bu insanlar mobil telefondan, maşından, elektrikdən, bir sözlə, texnologiyanın verdiyi bütün imkanlardan imtina ediblər. Özlərinin sadə, amma qısqanılacaq dərəcədə rahat, qeyri-adi həyat tərzləri ilə seçilirlər dünya xalqlarından.

Allahın insanı sadə bir həyat üçün yaratdığına inanırlar amişlər (Amish). Buna görə də sadə həyata zərər vuran hər cür yenilikdən qaçırlar. Ümumiyyətlə, vergi ödəməzlər. Baxmayaraq ki, Amerikada vergidən yayınmaq olmaz. Sadəcə satdıqları mala qarşılıq hərdən bələdiyyə vergisi ödəyərlər. “Əsgərlik” anlayışına onların yaşamında rast gəlinməz.

Qəribə xüsusiyyətlərindən biri isə ancaq noyabr ayında evlənmələridir. Bunun səbəbi isə noyabr ayında məhsulun bol olmasından irəli gəlir.

Azərbaycanda belə bir yaşam tərzinə üstünlük veriləcəyinə inanmaram. Amma doğrudan, insan hərdən belə bir sakit həyat arzulayır. Şəhərin səs-küyündən, tıxacından, problemlərindən uzaq, dinc bir həyat tərzi.

Onu da qeyd edim ki, belə bir yaşayış tərzi sadəcə, amişlərə aid deyil.Onlarla bərabər bir çox bu cür xalqlar var. Sadəcə, son günlər diqqətimi bu xalqın üzərindən çəkə bilmirəm. Nə yalan deyim, yaşam tərzlərini qısqandım.

http://lancasterpa.com/amish/amish-people/ Amiş xalqı haqqında daha ətraflı məlumatı burdan əldə edə bilərsiniz.

Today`s Baku

todaysbaku.az

Bu yazı 866 dəfə oxunub!