Yanan torpağın ağısı

Bu yazı 652 dəfə oxunub!

25 ildi bir yurd yanır.

Gülüynən, çiçəyiynən, otuynan, odunuyunan, bar verən ağaclarıynan, ağban saraylarının son nişanəsi, qaralmış daşlarıynan yanır, yanır, odu sönmür. Hər il iyul ayında Ağdamın yenidən alovlanmasına şahid oluruq. Bilmirəm, bunu yağı düşmən qəsdən edir, yoxsa işğal gününün ildönümlərini həzm edə bilməyən Ağdam torpağı bu çarəsizliyinə qəzəblənib öz-özünə alışıb – yanır…

Boynubükük Şahbulaq qalası, Həsənküçey dağı, Gödəkdağ, Qaraman dağı sübh tezdən baxanda apaydın görünür. Dağlarımız da dərddən əriyib, balacalaşıb elə bil. Yanan torpağın alovu isə burula-burula ərşə qalxır. Göylərə nəsə demək istəyir… Bu yanğın göylərin təbini də dəyişir deyəsən. Yanan torpağın istisi göyü, yeri qarsalayıb başımıza tökür. Düz 25 ildir ki, Ağdam yanır ay ellər, elə bil yanğısını söndürmək üçün qaranquşun dimdiyində gətirdiyi bir damla su kimi gözləyir bizi. Nə vaxta kimi torpaqlarımızın yanmasına dözəcəyik?!

Zəkurə Quliyeva

Bu yazı 652 dəfə oxunub!